Tuesday, 21st August 2018
21 Avqust 2018

Bu günlər daim Allaha dua etmək tövsiyə olunur – Ramazanın 28-ci gününün duası

Saysız-hesabsız insanların istəyi, dua və münacatı Allahı digər bəndələrinin halından qafil edə bilməz.

Bu gün mübarək Ramazan ayının 28-ci günüdür, orucluğun bitməsinə cəmi iki gün qalıb.

Bu günün münacatında insanlara daim Allaha dua etmək tövsiyə olunur. Bir insan dua edirsə, bu, digər insanın Allahın nəzərindən qaçması demək deyil. Allahın Qurani-kərimdə buyurduğu kimi, O, insanlara şah damarından da yaxındır. Uca Rəbbimiz hər bir insanın duyğu və istəklərindən halidir.

Müqəddəs kitabın digər bir ayəsində “Mənə dua edin, mən sizə cavab verərəm” deyilir və bəndələrə Allahdan diləməli olduqları bildirilir. Allahın insanla bağlı bəyəndiyi ən gözəl hal onun səcdə halında olduğu və Rəbbi qarşısında ahu-zar etdiyi zamandır.

Ramazan ayının 28-ci gününün duası:

“Allahummə vəffir həzzi fihi minən-nəvafil. Və əkrimni fihi bi-ihzaril-məsail. Və qərrib fihi vəsiləti ileykə min beynil-vəsail. Ya mən la yəşğəluhu ilhahul-mulihhin.”

Tərcüməsi:

“İlahi, bu gün mənə yaxşı əməllərin bəhrəsini bol et! İstəklərimi yerinə yetirməklə mənə kəramət göstər! Sənə yetmək üçün yollar içindən seçdiyim yolu özünə yaxın et! Ey israr edənlərin öz israrları ilə məşğul edə bilmədikləri Allah!”

Share this article

img1